Yanvarın 22-də İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutunda “Türkiyənin inkişaf təcrübəsindən” mövzusunda
seminar keçirilmişdir. Tədbirdə İnstitutun əməkdaşları və doktorantları ilə
yanaşı, İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki
qurumlarının nümayəndələri iştirak etmişlər.
Seminarı giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanda
uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı
iqtisadi uğurlar barədə məlumat vermiş, iqtisadi sahədə qarşıya qoyulmuş
strateji hədəflərin reallaşdırılmasında beynəlxalq, o cümlədən Türkiyə təcrübəsinin
öyrənilməsinin əhəmiyyətini vurğulamışdır. Vilayət Vəliyev həmçinin, İnstitutda
aparılan, xüsusilə də Türkiyənin təcrübəsindən istifadə olunmaqla həyata
keçirilən tədqiqatları tədbir iştirakçılarının diqqətinə çatdırmış, bu gün
keçirilən seminarın əhəmiyyətini vurğulamışdır. Belə seminarların iqtisadi tədqiqatların
aparılmasında, xarici təcrübənin öyrənilməsində, qarşılıqlı fikir mübadiləsinin
həyata keçirilməsində əhəmiyyətini nəzərə alınaraq gələcəkdə də mütamadi olaraq
keçiriləcəyi bildirilmişdir.
Türkiyənin Fatih Universitetinin müəllimləri Mustafa Öztükr “ÜTT-nin
Türkiyənin inkişafındakı rolu”, Yavuz Ağan “Sənaye istehsalının Türkiyənin
inkişafındakı rolu”, Turqut Özal Universitetinin müəllimi Yavuz Kahraman isə
“KOS-ların Türkiyənin inkişafındakı rolu və dövlət dəstəyi” mövzusunda məruzələrlə
çıxış etmişlər.
Sonda mövzu ətrafında müzakirələr aparılmış,
iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.