Рейтинг@Mail.ru

Neftçalada regional Dövlət Proqramı çərçivəsində görülmüş işlərə həsr olunmuş tədbir keçirilmişdir

  • 05 Mart 2013


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə - sənayeləşmə siyasəti, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, aqrar sahədə yeni texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafı və s. istiqamətlərdə bir sıra tapşırıqlar verilmişdir.


Martın 5-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Aran iqtisadi rayonu üzrə yerli icra hakimiyyətlərinin, İqtisadi İnkişaf Nazirliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və sahibkarlar iştirak etmişlər.


Tədbiri giriş sözü ilə açan Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını  və  məşğulluq səviyyəsinin artdığını vurğulamış, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd etmişdir. Bildirilmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Neftçala rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət almış, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılmış, əhalinin məşğulluq səviyyəsi artmışdır.


İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə davamlı iqtisadi inkişafın təmin edildiyini, yeni müəssisələrin və iş yerlərinin yaradıldığını, əhalinin həyata səviyyəsinin yüksəldiyini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı proqramın icrasının 2013-cü ilin sonuna qədər tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirmişdir. Ölkə başçısı çıxışında infrastruktur layihələrinin, xüsusilə bütün kənd yollarının əsaslı təmiri və yeni yolların tikintisi, su və kanalizasiya sahəsində layihələrin həyata keçirilməsi, çaylarboyu kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması, meliorasiya işlərinin, su anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin qaz və elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, o cümlədən alternativ enerji mənbələrindən - günəş-külək enerjisindən daha geniş istifadəni, çaylarda kiçik həcmli su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini prioritet kimi müəyyənləşdirmişdir.


Qeyri-neft sektorunun inkişafı, o cümlədən iri taxılçılıq, müasir heyvandarlıq və südçülük təsərrüfatlarının yaradılması, meliorasiya işlərinin diqqətdə saxlanılması, mal-qaranın cinsinin yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi də əsas istiqamətlər kimi müəyyən edilmişdir. Bu vəzifələrin icrası iqtisadi inkişafın daha da sürətlənməsinə, regionlarda mövcud problemlərin köklü surətdə həll olunmasına, məşğulluğun artırılmasına səbəb olacaqdır. Nazir müavini çıxışında hazırda yerli və mərkəzi icra hakimiyyətlərinin təklifləri əsasında 2014-2018-ci illəri əhatə edəcək yeni regional Dövlət Proqramının hazırlandığını qeyd etmişdir.


İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə regionların, eyni zamanda qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd etmiş, bu sahədə həyata keçirilən tədqiqat işlərinin istehsalata tətbiqinin səmərəliliyi barədə məlumat vermişlər.


Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini bildirmiş, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və ixracyönümlü məhsul istehsalına nail olmaq üçün sahibkarların işgüzar fəallığının artırılmasının zəruriliyini vurğulamışdır.


İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxışında ölkə iqtisadiyyatında və yeni müəssisələrin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində Dövlət Proqramının icrasının mühüm əhəmiyyət kəsb etdiyini və qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsini diqqətə çatdırmışdır.


Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov çıxışlarında “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Aran iqtisadi rayonu, o cümlədən Neftçala rayonu üzrə sahibkarlığın prioritet inkişaf istiqamətləri və milli istehsalçıların xarici bazarlara çıxış imkanları barədə məlumat vermişlər.


Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 


© İstifadə zamani www.ier.az saytina istinad zəruridir.



126.jpg
  • 05 Mart 2013
  • 1557