Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı tərəfindən
iqtisadiyyatın müxtəlif sahələri üzrə-sənayeləşmə siyasəti, kənd təsərrüfatının
intensiv inkişafının təmin edilməsi, aqrar sahədə yeni texnologiyaların tətbiqi,
ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafı və s.
istiqamətlərdə bir sıra tapşırıqlar verilmişdir.
Martın 29-da Balakəndə İqtisadi İnkişaf
Nazirliyinin təşkilatçılığı ilə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların
icrasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Şəki-Zaqatala iqtisadi
rayonu üzrə yerli icra hakimiyyətlərinin, İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan
Milli Elmlər Akademiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının nümayəndələri və sahibkarlar iştirak etmişlər. Tədbirdən əvvəl
ölkə regionlarının sosial-iqtisadi inkişafına dair film nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Balakən rayon İcra
Hakimiyyətinin başçısı İslam Rzayev dövlət başçısının diqqət və qayğısı nəticəsində
regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin
yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamış, regionların
sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində
regional dövlət proqramlarının xüsusi rolunu qeyd etmişdir. Bildirilmişdir ki,
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkənin digər bölgələrində
olduğu kimi, Balakən rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət almış,
yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılmış, əhalinin
məşğulluq səviyyəsi artmışdır.
İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata
keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə davamlı iqtisadi inkişafın
təmin edildiyini, yeni müəssisələrin və iş yerlərinin yaradıldığını, əhalinin həyat
səviyyəsinin yüksəldiyini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı proqramın icrasının 2013-cü
ilin sonuna qədər tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət
qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirmişdir.
Ölkə başçısı çıxışında infrastruktur layihələrinin, xüsusilə bütün kənd
yollarının əsaslı təmiri və yeni yolların tikintisi, su və kanalizasiya sahəsində
layihələrin həyata keçirilməsi, çaylarboyu kəndlərdə modul tipli sutəmizləyici
qurğuların quraşdırılması, su anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin
qaz və elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, o cümlədən
alternativ enerji mənbələrindən - günəş-külək enerjisindən daha geniş istifadəni,
çaylarda kiçik həcmli su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini
prioritet kimi müəyyənləşdirmişdir.
Qeyri-neft sektorunun inkişafı, o cümlədən iri
taxılçılıq, müasir heyvandarlıq və südçülük təsərrüfatlarının yaradılması,
meliorasiya işlərinin diqqətdə saxlanılması, mal-qaranın cinsinin yaxşılaşdırılması
sahəsində tədbirlərin davam etdirilməsi də əsas istiqamətlər kimi müəyyən
edilmişdir. Bu vəzifələrin icrası iqtisadi inkişafın daha da sürətlənməsinə,
regionlarda mövcud problemlərin həll olunmasına, məşğulluğun artırılmasına səbəb
olacaqdır. Nazir müavini çıxışında hazırda yerli və mərkəzi icra hakimiyyətlərinin
təklifləri əsasında 2014-2018-ci illəri əhatə edəcək yeni regional Dövlət
Proqramının hazırlandığını qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkənin təbii və
əmək potensialından səmərəli istifadə etməklə regionların, eyni zamanda
qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi
araşdırmaların zəruriliyini qeyd etmiş, bu sahədə həyata keçirilən tədqiqat işlərinin
istehsalata tətbiqinin səmərəliliyi barədə məlumat vermişdir.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev çıxışında ölkənin dinamik
iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında
və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini
bildirmiş, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və ixracyönümlü məhsul
istehsalına nail olmaq üçün sahibkarların işgüzar fəallığının artırılmasının zəruriliyini
vurğulamışdır.
İqtisadi İnkişaf Nazirliyinin Regionların
inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxışında ölkə
iqtisadiyyatında və yeni müəssisələrin yaranmasında, infrastruktur və kommunal
xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində Dövlət Proqramının icrasının
mühüm əhəmiyyət kəsb etdiyini və qarşıya qoyulmuş vəzifələrin vaxtında və
keyfiyyətli icrası üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsini
diqqətə çatdırmışdır.
Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri
Zaur Qasımov və Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov
çıxışlarında "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Şəki-Zaqatala iqtisadi
rayonu, o cümlədən Balakən rayonu üzrə sahibkarlığın prioritet inkişaf istiqamətləri
və milli istehsalçıların xarici bazarlara çıxış imkanları barədə məlumat
vermişlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran
suallar cavablandırılmışdır.
© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.