18-19 aprel tarixlərində Portuqaliyanın Lissabon şəhərində
Avropa Birliyinin və Avropa Təlim Fondunun (ETF) birgə təşkilatçılığı ilə
“Bacarıqların iş yerlərinə uyğunlaşdırılması üzrə sosial tərəfdaşlıq
laboratoriyası (Şərq Tərəfdaşlıq Platforması 2)” mövzusunda seminar
keçirilmişdir. Seminarda Avropa Təlim Fondunun, Portuqaliyanın Peşə və İxtisas
Təhsili və Təlimi üzrə Milli Agentliyinin mütəxəssisləri ilə yanaşı, Şərq Tərəfdaşlığı
ölkələrinin (Azərbaycan, Belorusiya, Ermənistan, Gürcüstan, Moldova və
Ukraynanın) nümayəndə heyətləri də iştirak etmişlər. İqtisadi İnkişaf
Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Tədris və
koordinasiya şöbəsinin müdiri Aynurə İsmayılova azərbaycanlı nümayəndə heyətində
iştirak etmişdir.
Seminarda əmək bazarlarında işçi qüvvəsinə olan tələb və
təkliflərin tarazlaşdırılması üçün sahələr üzrə komitələrin rolu və məsləhət
xidmətləri, əmək bazarının analizi və məlumatların əldə edilməsi, əldə olunan məlumatlardan
düzgün istifadə edilməsi və bu məlumatların bazarın maraqlı tərəfləri arasında
yayılması istiqamətdə Şərq Tərəfdaşlığı - keçmiş post-Sovet ölkələrinin təcrübəsinə
baxılmışdır. Burada məqsəd mövcud təcrübənin öyrənilməsi ilə sahə komitələrinin
gələcək inkişafının təmin olunması istiqamətində yeni yanaşmaların
formalaşmasından ibarət olmuşdur.
Qeyd olunan məsələlərin həlli üzrə təcrübələrin öyrənilməsinin
davam etdirilməsi, tədqiqat, istiqamət və mövzularının müzakirə edilməsi məqsədilə
növbəti seminarın cari ilin sentyabr ayında Gürcüstanda keçirilməsi nəzərdə
tutulmuşdur.
© İstifadə zamanı www.ier.az saytına
istinad zəruridir.