Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda
dövlət başçısı tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə-sənayeləşmə
siyasəti, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, yeni
texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi,
sahibkarlığın inkişafı və s. istiqamətlərdə bir sıra mühüm tapşırıqlar
verilmişdir.
Aprelin 25-də Masallıda
İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə dövlət başçısı tərəfindən
verilmiş tapşırıqların icrasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə
İqtisadi İnkişaf Nazirliyinin, Lənkəran iqtisadi rayonu üzrə yerli icra
hakimiyyətlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və
sahibkarlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə
açan Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlət başçısının
diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir
texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq
səviyyəsinin artdığını vurğulamışdır. Bildirilmişdir ki, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Masallı
rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət almış, yeni istehsal və
xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılmış, əhalinin
məşğulluq səviyyəsi artmışdır.
İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Ulu Öndərimiz Heydər Əliyevin
rəhbərliyi ilə həyata keçirilmiş islahatların ölkə regionlarının tarazlı və
davamlı inkişafına möhkəm zəmin yaratdığını vurğulamışdır. Bu siyasət kursunun
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
həyata keçirilməsi nəticəsində ölkədə davamlı iqtisadi inkişaf təmin edilmiş,
yeni müəssisələr və iş yerləri yaradılmış, əhalinin həyata səviyyəsi
yaxşılaşmışdır. Niyazi Səfərov bildirmişdir ki, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda
dövlət başçısı proqramın icrasının 2013-cü ilin sonuna qədər tam və keyfiyyətli
icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadi
İnkişaf Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirmişdir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev həmçinin, infrastruktur
layihələrinin, xüsusilə bütün kənd yollarının əsaslı təmiri və yeni yolların
tikintisi, su və kanalizasiya sahəsində layihələrin həyata keçirilməsi,
çaylarboyu kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması,
meliorasiya işlərinin, su anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin
qaz və elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, o cümlədən
alternativ enerji mənbələrindən - günəş-külək enerjisindən daha geniş
istifadənin, çaylarda kiçik həcmli su elektrik stansiyalarının tikintisinin
davam etdirilməsini prioritet kimi müəyyən etmişdir. Qeyri-neft sektorunun
inkişafı, o cümlədən iri taxılçılıq, müasir heyvandarlıq və südçülük
təsərrüfatlarının yaradılması, mal-qaranın cinsinin yaxşılaşdırılması sahəsində
tədbirlərin davam etdirilməsi də əsas istiqamətlər kimi müəyyənləşdirilmişdir.
Bu vəzifələrin icrası iqtisadi inkişafın daha da sürətlənməsinə, regionlarda
mövcud problemlərin köklü surətdə həll olunmasına, məşğulluğun artırılmasına
səbəb olacaqdır. Nazir müavini hazırda yerli və mərkəzi icra hakimiyyətlərinin
təklifləri nəzərə alınmaqla 2014-2018-ci illəri əhatə edəcək yeni regional
Dövlət Proqramının hazırlandığını qeyd etmişdir.
Azərbaycan Milli Elmlər
Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, İqtisadi İnkişaf
Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət
Vəliyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə
regionların, eyni zamanda qeyri-neft sektorunun sürətli inkişafının təmin
edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd etmiş, bu sahədə həyata
keçirilən tədqiqat işləri barədə məlumat vermişlər.
Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının şöbə müdiri Emin
Süleymanov çıxışında ölkənin dinamik iqtisadi inkişafında, dövlət
proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin
həllində sahibkarların yaxından iştirak etdiyini bildirmiş, Azərbaycanda
sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulamışdır.
İqtisadi İnkişaf
Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib
Məmmədov, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və
Xarici ticarət siyasəti və ÜTT şöbəsinin əməkdaşı Elnur Abbasov çıxış edərək
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Lənkəran iqtisadi rayonu, o
cümlədən Masallı rayonu üzrə nəzərdə tutulmuş tədbirlər, sahibkarlığın inkişafı
istiqamətində görülmüş işlər barədə məlumat vermişlər.
Tədbirin sonunda
iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
© İstifadə zamani www.ier.az saytina istinad zəruridir.