Aprelin 30-da Bakı
Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanda
mənzil-kommunal sahəsində yeni münasibətlər" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə İqtisadi
İnkişaf Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və onun tərkibinə daxil
olan inzibati rayonların, bələdiyyələrin, mənzil-kommunal təsərrüfatı birlikləri
və mənzil istismar sahələrinin nümayəndələri iştirak etmişdir. İqtisadi
inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf
strategiyası nəticəsində sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin
yaxşılaşdığını vurğulamışdır. Qeyd edilmişdir ki, aparılan məqsədyönlü iqtisadi
islahatlar nəticəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı
sektorunun inkişafında da əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahədə
beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası - Azərbaycan
Respublikasının Mənzil Məcəlləsi qəbul edilmişdir. 1 oktyabr 2009-cu il
tarixində qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi vətəndaşların mənzil hüququnun
maneəsiz həyata keçirilməsinə şərait yaradılması, əlverişli və təhlükəsiz
yaşamaq şəraitinin təmin edilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi,
kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə
təminatının yaxşılaşdırılması sahəsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan
Respublikası Prezidentinin müvafiq Fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində
dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ
hüquqi aktların layihələrinin hazırlanması İqtisadi İnkişaf Nazirliyinə
tapşırılmışdır. Diqqətə çatdırılmışdır ki, mənzil-kommunal sahəsinin yeni
qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar həyata
keçirilən işlərin əlaqələndiriməsi, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində
İqtisadi İnkişaf Nazirliyi tərəfindən bir sıra zəruri tədbirlər
görülür. Sevinc Həsənova yerli icra və bələdiyyə qurumları tərəfindən çoxmənzilli
binalarda idarəetmənin təşkili, təbliğat və maarifləndirmə işlərinin
aparılması, ictimaiyyətin Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri,
habelə digər məqamlar barədə məlumatlandırılmasının vacibliyini qeyd etmişdir.
İqtisadi İnkişaf
Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov və
Nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev
mənzil-kommunal sahəsində yeni münasibətlər mövzusunda təqdimatlarla çıxış
etmiş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar. Tədbirdə
mənzil-kommunal sahəsində yeni münasibətlərə dair müxtəlif məruzələr dinlənilmişdir.
Sonda tədbir iştirakçılarına
"Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu"
adlı broşurlar paylanmışdır.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.