Рейтинг@Mail.ru

Şamaxıda "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda Konfrans keçirilmişdir

  • 06 May 2013


Mayın 6-da İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Şamaxıda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda Konfrans keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri və sahibkarlar iştirak etmişlər.

 

Tədbir iştirakçıları əvvəlcə Şamaxıda Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar.

 

Sonra öz işinə başlayan konfransda müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, bütün sferalarda köklü islahatların həyata keçirilməsi istiqamətində əvəzsiz xidmətlərindən danışmışdır.

 

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən danışmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilmiş, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuş, irimiqyaslı regional layihələrin iştirakçısına çevrilmişdir. Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaratmışdır. Bu gün Heydər Əliyev siyasi xəttinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter almış, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrilmişdir. Həyata keçirilən uzaqgörən, düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan sürətlə inkişaf edir, dünyada nüfuzu günü-gündən artır.

 

Tədbirdə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı", "Heydər Əliyev və Azərbaycanda insan kapitalının inkişafı", "Heydər Əliyevin iqtisadi inkişaf strategiyası" mövzularında məruzələr dinlənilmiş, çıxış edənlər Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması, milli iqtisadiyyatın inkişafı istiqamətində qazanılmış tarixi nailiyyətlər barədə geniş məlumat vermişlər.

 

  

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.



143.jpg
  • 06 May 2013
  • 1226