Рейтинг@Mail.ru

Yevlaxda Ümummilli Lider Heydər Əliyevinin 90 illik yubileyinə həsr olunmuş Konfrans keçirilmişdir

  • 07 May 2013


Mayın 7-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Yevlax şəhərində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda Konfrans keçirilmişdir.

 

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndələri və sahibkarlar iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları Yevlaxda Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar. Konfransda müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

 

Tədbirdə çıxış edən Yevlax şəhər İcra Hakimiyyəti başçısı Qoca Səmədov Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması istiqamətində əvəzsiz xidmətlərindən danışmış, bütün sferalarda həyata keçirilən köklü islahatların iqtisadi inkişaf üçün möhkəm zəmin yaratdığını vurğulamışdır.

 

İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov çıxışında müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə gördüyü misilsiz işlərdən bəhs etmiş, Ulu Öndərin ölkəmizin davamlı sosial-iqtisadi inkişafının təmin olunması, sahibkarlığın və regionların inkişafı istiqamətində gördüyü işlər barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, dünya iqtisadiyyatına inteqrasiya, iqtisadiyyatın liberallaşdırılması və rəqabətqabiliyyətliliyinin artırılması, büdcə və valyuta ehtiyatlarının çoxalması, sahibkarlıq fəaliyyətinin genişlənməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətləri olmuşdur. Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmiz qlobal və regional layihələrin fəal iştirakçısına çevrilmiş, ölkənin iqtisadi potensialının artırılması və özəl bölmənin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.

 

Bu gün Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter almış, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır.

 

Tədbirdə "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı", "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı", "Heydər Əliyevin iqtisadi inkişaf strategiyası" mövzularında məruzələr dinlənilmişdir.

 

Konfrans çərçivəsində sahibkarlar üçün "Heydər Əliyev və Azərbaycanda insan kapitalının inkişafı" mövzusunda Heydər Əliyev dərsləri təşkil olunmuşdur.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



144.jpg
  • 07 May 2013
  • 1270