İyulun 31-də Xaçmaz
rayonunda "Quba-Xaçmaz iqtisadi rayonunun sosial-iqtisadi inkişafı:
nailiyyətlər və perspektivlər" mövzusunda tədbir keçirilmişdir.
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilmiş tədbirdə İqtisadi İnkişaf
Nazirliyinin, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının, Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Dünya Bankının, Beynəlxalq
Maliyyə Korporasiyasının nümayəndələri və Quba-Xaçmaz iqtisadi rayonunda
fəaliyyət göstərən 300-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbir iştirakçıları
əvvəlcə yeni fəaliyyətə başlamış Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin sərgi
zalında "Quba-Xaçmaz iqtisadi rayonu: uğurlu regional siyasətin
nəticələri" adlı sərgi ilə tanış olmuşlar. Sərgidə regionların
sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində Quba-Xaçmaz
iqtisadi rayonunda görülmüş işlər və əsas sosial-iqtisadi göstəricilər geniş
əks olunmuşdur.
Tədbiri giriş sözü ilə
açan İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafına böyük
diqqət və qayğı göstərdiyini vurğulamış, regionların tarazlı inkişafının təmin
olunmasında ölkə başçısı tərəfindən təsdiq olunmuş dövlət proqramlarının uğurlu
icrasının xüsusi əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, hazırda
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla davam
etdirilir, yeni müəssisələr və iş yerləri açılır, müasir infrastruktur
yaradılır. Dövlət başçısı tərəfindən Xaçmazda iyulun 19-da açılışı edilən
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi regionun gələcək iqtisadi inkişafına töhfə
verəcək və bu regionun mövcud potensialından səmərəli istifadə etməklə
prioritet istiqamətlər üzrə təkliflərin hazırlanmasına və təşviqat işlərinin
aparılmasına xidmət edəcəkdir. Mərkəzin fəaliyyət istiqamətlərindən biri
gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, biznesini təkmilləşdirmək
istəyən kiçik sahibkarlar üçün davamlı maarifləndirmə işlərinin təşkili,
konsaltinq və informasiya xidmətlərinin göstərilməsidir.
Niyazi Səfərov çıxışında
bu ilin birinci yarısı üzrə əsas makroiqtisadi göstəricilər barədə də məlumat
vermişdir. Qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin 2013-cü ilin birinci
yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlət başçısı makroiqtisadi sabitliyin qorunması,
iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənayeləşmə
siyasətinin davam etdirilməsi, Dövlət İnvestisiya Proqramının tam icra
olunması, ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi və xarici
ölkələrə investisiya qoyuluşu, rəqabətqabiliyyətli məhsul istehsalının və
xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, sahibkarlığa dövlət
dəstəyinin gücləndirilməsi, infrastruktur layihələrinin, kənd, qəsəbədaxili və
qəsəbələrarası yolların, su və kanalizasiya layihələrinin tikintisinin davam etdirilməsi,
müasir texnologiyaların tətbiqinin daha da genişləndirilməsi və digər sahələrdə
konkret tapşırıqlar vermişdır.
Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev dövlət başçısının diqqət və qayğısı
nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara
əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını
vurğulamışdır. Bildirilmişdir ki, "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Xaçmaz rayonunda da
quruculuq-abadlıq işləri geniş vüsət almış, yeni istehsal və xidmət
müəssisələri, sosial infrastruktur obyektləri açılmış, əhalinin məşğulluq
səviyyəsi artmışdır.
AMEA-nın İqtisadiyyat
İnstitutunun direktoru İsa Alıyev, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkənin təbii
və əmək potensialından səmərəli istifadə etməklə regionların, eyni zamanda
qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi
araşdırmaların zəruriliyini qeyd etmiş, bu sahədə həyata keçirilən tədqiqat
işləri barədə məlumat vermişlər.
İqtisadi İnkişaf
Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov,
Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov, Regionların
inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov, Bakı
Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov çıxışlarında "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nda Quba-Xaçmaz iqtisadi rayonu, o cümlədən Xaçmaz rayonu üzrə
nəzərdə tutulmuş tədbirlər, sahibkarlara göstərilən elektron xidmətlər, ölkədə
istehsal olunan məhsulların yeni bazarlara çıxış imkanları və bu istiqamətdə
həyata keçirilən tədbirlər barədə məlumat vermişlər.
Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentinin müşaviri
Faiq Səmədov çıxışında ölkənin dinamik iqtisadi inkişafında, dövlət
proqramlarından irəli gələn vəzifələrin icrasında sahibkarların yaxından
iştirak etdiyini bildirmiş, Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət
göstərildiyini vurğulamışdır.
Tədbirdə çıxış edən
beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda biznes mühitinin daha da
yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafına göstərilən dəstək
tədbirlərini müsbət qiymətləndirmiş və bu istiqamətlərdə həyata keçirilən
tədbirlərin vacibliyini vurğulamışlar.
Tədbir çərçivəsində 2
panel iclas keçirilmişdir. Sənaye parklarının yaradılması üzrə keçirilmiş panel
iclasda ölkədə uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq
yaradılan Sumqayıt Kimya Sənaye Parkının təqdimatı keçirilmiş, sənaye parkında
müəssisələrin rezident kimi qeydiyyata alınması və sahibkarlara ediləcək
güzəştlər barədə məlumat verilmişdir.
Kiçik sahibkarlığın
inkişafı ilə bağlı keçirilmiş digər panel iclasda isə sahibkarlığın inkişafı
sahəsində görülmüş işlər barədə məlumat verilmiş, kiçik sahibkarlıq fəaliyyəti
ilə məşğul olanlar üçün biznes planların hazırlanmasına dair maarifləndirici
tədbir keçirilmişdir.
Panel iclaslarda sahibkarları maraqlandıran suallar da cavablandırılmışdır.
Tədbirdə çıxış edən
sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən
diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.