Рейтинг@Mail.ru

İƏT üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu keçirilmişdir

  • 05 Sentyabr 2013


Sentyabrın 5-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) və "EcoMod Networking" şirkətinin birgə təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu öz işinə başlamışdır. Tədbirdə İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, dünyanın müxtəlif ölkələrindən olan elm adamları iştirak etmişlər. Forumun keçirilməsində məqsəd İƏT-ə üzv ölkələrin (Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) iqtisadi beyin mərkəzləri arasında elmi əlaqələrin qurulması və davamlı olaraq inkişaf etdirilməsi imkanlarını müzakirə etməkdir.

 

Forumda iştirak etmək məqsədilə Bakıda səfərdə olan İƏT-ə üz ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşdur. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzmüşlər. İƏT-ə üz ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini də ehtiramla yad etmişlər.

 

Bu gün həmçinin, Forum çərçivəsində İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin iştirakı ilə "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda I Beynəlxalq Konfrans keçirilmişdir.

 

Tədbirdə çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova qonaqları salamlayaraq Azərbaycanın İƏT-ə üzv olduğu dövrdən ölkəmizin təşkilatın fəaliyyətinə böyük önəm verdiyini və regionda uğurlu fəaliyyətində maraqlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, İƏT çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bir sıra işlər görülmüş, konseptual istiqamətlər müəyyənləşdirilmişdir. Azərbaycan İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə 10 müxtəlif saziş imzalamışdır. Həmçinin, ölkəmiz İƏT Bankına üzvdür. Bu, Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal iştirakına şərait yaratmışdır. Sevinc Həsənova İƏT-ə üzv olan dövlətlərlə ticarət dövriyyəsində davamlı artımın müşahidə edildiyini də diqqətə çatdırmışdır.

 

Nazir müavini Sevinc Həsənova Azərbaycanın sosial-iqtisadi inkişafı barədə də tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd edilmişdir ki, dünya iqtisadiyyatı ağır iqtisadi tənəzzülə məruz qaldığı halda ölkəmizdə həyata keçirilən iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin olunmuş, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi qorunub saxlanılmışdır. 2012-ci ildə ÜDM-in real artımı 2,2% təşkil etmiş və cari qiymətlərlə 54 milyard manat olmuşdur. Bu isə Azərbaycanın Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizindən çox hissəsinə sahib olmaqla, regionun lider dövləti kimi mövqeyini gücləndirməsinə şərait yaratmışdır. Azərbaycanın valyuta ehtiyatları ÜDM-in 70%-ni təşkil edir ki, bu da dünya miqyasında çox yüksək göstəricidir. Uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 6%-ə enmiş, əməkhaqqı və pensiyalar dəfələrlə artırılmışdır. Azərbaycanın son illər ərzində qazandığı uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun dünən açıqladığı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında Azərbaycan öz mövqeyini xeyli dərəcədə yaxşılaşdıraraq 148 ölkə arasında 39-cu pillədə qərarlaşmışdır. Sevinc Həsənova İƏT ölkələrinin iqtisadi beyin mərkəzlərinin əməkdaşlığının genişləndirilməsi, bu istiqamətdə birgə elmi-tədqiqatların aparılması, müxtəlif tədbirlərin təşkili və əldə olunmuş müsbət nəticələrdən istifadənin vacibliyini qeyd edərək İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 1-ci Bakı

Forumunun və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 1-ci Beynəlxalq Konfransın bu baxımdan əhəmiyyətini qeyd etmişdir.

 

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Şamil Ələsgərov çıxışında təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı məqsədilə yeni istiqamətlərin aktuallığını qeyd etmişdir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, "EcoMod Networking" şirkətinin prezidenti Əli Bayar isə çıxışlarında İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlərdən və əldə edilmiş nəticələrdən, iqtisadi beyin mərkəzlərinin əməkdaşlığı sahəsində gələcək fəaliyyətin iqtisadi siyasətdə və regional inteqrasiyada əhəmiyyətindən bəhs etmişlər.

 

Konfrans kənd təsərrüfatı, regional inteqrasiya, ticarət məsələləri mövzularında sessiyalarla davam etmiş, tədbir çərçivəsində İƏT-ə üzv ölkələrin və ekspertlərin məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.

 


 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.



157.jpg
  • 05 Sentyabr 2013
  • 1378