Рейтинг@Mail.ru

Əli İbrahimovun 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri Konfrans keçirilmişdir

  • 01 Oktyabr 2013


Oktyabrın 1-də uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış və zəngin idarəçilik təcrübəsi, təşkilatçılıq bacarığı və səmərəli fəaliyyəti ilə respublikanın sosial-iqtisadi inkişafına töhfələr vermiş Əli İbrahimovun anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əli İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə elmi-nəzəri Konfrans keçirilmişdir.

 

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli dövlət xadimi Əli İbrahimovun məzarlarını ziyarət etmiş, xatirələrini ehtiramla anaraq abidələri önünə əklil qoymuşlar. Konfrans iştirakçıları həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, məzarı üzərinə çiçək dəstələri düzmüşlər.

 

Tədbir iştirakçıları Dövlət İdarəçilik Akademiyasının foyesində Azərbaycanın sosial-iqtisadi inkişafında əvəzsiz xidmətləri olmuş Əli İbrahimovun həyat və fəaliyyətinə həsr olunmuş fotostendlə tanış olmuşlar.

 

Sonra Əli İbrahimovun 100 illik yubileyinə həsr olunmuş Konfrans öz işinə başlamışdır. Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, ölkəmizin Cənubi Qafqazın lider dövləti, iqtisadi və mədəni mərkəzi olduğunu qeyd etmiş, bu uğurların təməlinin XX əsrin 60-cı illərində xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, o dövrdə ölkəmizin hərtərəfli inkişaf strategiyasının həyata keçirilməsində rolu və əməyi olan şəxslər sırasında Əli İbrahimovun da xüsusi yeri olmuşdur. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilmiş nəhəng quruculuq işlərinin, ölkənin hərtərəfli inkişafına yönəldilmiş tədbirlərin icrasında Əli İbrahimov yaxından iştirak etmiş, Heydər Əliyevin yaxın silahdaşı olmuşdur. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan SSR Nazirlər Sovetinin sədri təyin edilən Əli İbrahimov 1970-81-ci illərdə ölkəmizdə sənayenin, kənd təsərrüfatı, tikinti, nəqliyyat, mədəniyyət və s. sahələrin inkişafına böyük əmək sərf etmişdir. Nazir müavini Niyazi Səfərov dövlət başçısı tərəfindən "Əli İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında" imzalanmış Sərəncamın görkəmli dövlət xadiminin xatirəsinə göstərilən ehtiram, onun əməyinə verilən yüksək qiymət olduğunu vurğulamışdır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxışında Əli İbrahimovun XX əsrin 70-80-ci illərində Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmişdir.

 

Sonra Dövlət Uşaq Fondunun sədri, akademik İsmayil İbrahimov, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü, Dövlət İdarəçilik Akademiyasının "Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutu"nun direktoru Əli Nuriyev və digərləri görkəmli dövlət xadimi Əli İbrahimovun həyat və fəaliyyətindən bəhs etmiş, Əli İbrahimovla bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşmüşlər.

 

Əli İbrahimovun ailəsinin adından çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Əli İbrahimovun xatirəsinə göstərilən ehtirama görə təşəkkür etmişdir.

 

Konfrans çərçivəsində həmçinin, Əli İbrahimovun həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunmuşdur.

 

 


© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.



162.jpg
  • 01 Oktyabr 2013
  • 1889