Рейтинг@Mail.ru

"Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli nar emalı məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilmişdir

  • 24 Ferval 2012


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2012-ci il 16 yanvar tarixdə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası"nda verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən regionların inkişafı, yerli sahibkarların ixrac imkanlarının genişləndirilməsi, sahibkarlığın məsləhət və informasiya təminatının yaxşılaşdırılması, eləcə də regionlardakı müəssisələrə dövlət dəstəyinin daha da gücləndirilməsi imkanlarının öyrənilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Fevralın 24-də İqtisadi İnkişaf Nazirliyinin və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli nar emalı məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə müvafiq dövlət qurumlarının, Aran regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və narçılıqla məşğul olan sahibkarlar iştirak etmişdir.

 

Tədbirdə çıxış edən açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluq səviyyəsinin artdığını bildirmişdir. Qeyd olunmuşdur ki, regionların mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramları əhəmiyyətli rola malikdir. Göyçay və ətraf rayonlarda narçılıq təsərrüfatlarının daha da genişləndirilməsi və müasir nar emalı müəssisələrinin yaradılması üçün münbit təbii şəraitlə yanaşı, əlverişli sahibkarlıq mühitinin olduğu qeyd edilmişdir.

 

İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov  Azərbaycan iqtisadiyyatında dinamik inkişafı təmin edən amillər, qarşıda duran vəzifələr, eləcə də ayrı-ayrı iqtisadi sahələrdə modernləşmənin müasir vəziyyəti və gələcək perspektivlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf təmin edilmişdir. Bu, qeyri-neft sektorunda, xarici ticarət və investisiya qoyuluşunda, eləcə də regionların inkişafında da özünü aydın göstərir.

 

Ölkədə həyata keçirilən dövlət proqramlarının, o cümlədən regional inkişaf və ərzaq təhlükəsizliyi sahəsində qəbul edilmiş sənədlərin xüsusi əhəmiyyətini vurğulayan nazir müavini bu proqramların uğurlu icrası nəticəsində qeyri-neft sektorunun surətlə inkişaf etdiyini, yeni iş yerlərinin və müasir müəssisələrin yaradıldığını, iqtisadiyyata investisiya qoyuluşunun artdığını, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirildiyini diqqətə çatdırmışdır. Niyazi Səfərov ölkəmizdə davam etdirilən kompleks islahatların məntiqi nəticəsi olaraq, son 8 ildə ÜDM-nin 3 dəfə, qeyri-neft sektorunun 2,2 dəfə, ixracın 10,3 dəfə artığını, yoxsulluq səviyyəsinın isə 5,9 dəfə azaldığını vurğulamışdır. Qeyd olunmuşdur ki, narçılığın stimullaşdırılması, istehsal olunan nar məhsullarının potensial bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin göstərilməsi, iş adamlarının bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsi bundan sonra da davam etdiriləcəkdir.

 

İqtisadi İnkişaf  Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, nar və nar məhsullarının potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları barədə məlumat vermişdir. Bununla yanaşı, nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrə həmin məhsulun rəqabət qabiliyətliliyinin artırılması, xarici bazarlarda satış potensialı barədə məlumatlar sahibkarların diqqətinə çatdırmışdır.

 

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini qeyd etmiş, Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulamışdır.

 

Milli Elmlər Akademiyasının, İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı, Regionların inkişafı və dövlət proqramları şöbələrinin, Nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun və Bakı Biznes Tədris Mərkəzinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) nümayəndələri ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, regionun sahibkarları üçün potensial ixrac bazarlarna çıxış imkanları, qeyri-neft məhsullarının, o cümlədən nar və nar emalı məhsullarının xarici bazarlara çıxarılmasında "GSP+" proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat vermiş,  sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

 

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

 


© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.



185.jpg
  • 24 Ferval 2012
  • 1906