Рейтинг@Mail.ru

"Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli şərab məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilmişdir

  • 25 Ferval 2012


Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrasına başlanmışdır.

 

Fevralın 25-də İqtisadi İnkişaf Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli şərab məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və şərabçılıqla məşğul olan sahibkarlar iştirak etmişdir.

 

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Gəncədə sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirmişdir. Gəncə və ətraf rayonlarda şərabçılıq təsərrüfatlarının daha da genişləndirilməsi və müasir şərab emalı müəssisələrinin yaradılması üçün münbit təbii şəraitlə yanaşı, əlverişli sahibkarlıq mühitinin olduğu qeyd edilmişdir.

 

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu bildirmişdir. Qeyd edilmişdir ki, ölkə regionlarının sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənmiş, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artmış, sahibkarlıq fəaliyyəti genişlənmiş, regionlarda yeni iş yerləri və müəssisələr yaradılmışdır. Son 8 ildə ÜDM 3 dəfə, qeyri-neft sektoru 2,2 dəfə, ixrac 10,3 dəfə artmış, yoxsulluq səviyyəsi isə 5,9 dəfə azalmışdır. Bildirilmişdir ki, şərabçılığın stimullaşdırılması, istehsal olunacaq məhsulların ənənəvi və yeni bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin göstərilməsi, iş adamlarının bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsi bundan sonra da davam etdiriləcəkdir.

 

İqtisadi İnkişaf  Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu sahənin inkişaf perspektivləri, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, rəqabət qabiliyətliliyinin artırılması,  məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması barədə məlumat vermişdir.

 

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan, sahibkarlara dövlət dəstəyi mexanizmlərindən geniş bəhs etmiş, ölkənin dinamik iqtisadi inkişafında sahibkarların yaxından iştirak etdiyini vurğulamışdır.

 

Milli Elmlər Akademiyasının, İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı, Regionların inkişafı və dövlət proqramları şöbələrinin, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) nümayəndələri ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, regionun sahibkarları üçün potensial ixrac bazarlarına çıxış imkanları, qeyri-neft məhsullarının, o cümlədən şərab məhsullarının xarici bazarlara çıxarılmasında "GSP+" proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat vermiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

 

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölməyə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

 

 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.

 


186.jpg
  • 25 Ferval 2012
  • 1873