Рейтинг@Mail.ru

Qəbələdə tədbir keçirilmişdir

  • 16 Mart 2012


Üzümçülük ənənələrinin bərpa etdirilməsində bu sahənin inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi istiqamətində xüsusi əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir.

 

Martın 16-da İqtisadi İnkişaf Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli şərab məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və şərabçılıqla məşğul olan sahibkarlar iştirak etmişdir. Bu məqsədlə, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun “Sahibkarlıq və regional inkişaf problemləri” şöbəsinin müdiri Nurəddin Eynullayev Qəbələ rayonuna ezam olunmuşdur

 

Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayev Qəbələnin də sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Qəbələdə də sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirmişdir. Qəbələ və ətraf rayonlarda şərabçılıq təsərrüfatlarının daha da genişləndirilməsi və müasir şərab emalı müəssisələrinin yaradılması üçün münbit təbii şəraitlə yanaşı, əlverişli işgüzar şəraitin olduğu qeyd edilmişdir. Vurğulanmışdır ki, rayonda fəaliyyət göstərən şərab istehsalı müəssisələrinin istehsal etdiyi yüksək keyfiyyətli məhsullar xarici ölkələrə ixrac edilir və bu məhsullara tələbat ilbəil artır.

 

İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafına böyük önəm verdiyini vurğulamış, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, ölkəmizdə dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları müxtəlif ölkələrə ixrac edilir.  Qeyd edilmişdir ki, "2012-2020-ci illərdə üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrası ölkədə üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinə, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılmasına və kənd əhalisinin maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaradacaqdır.

 

İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, üzümçülüyün və şərab istehsalının inkişaf perspektivləri, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, rəqabət qabiliyətliliyinin artırılması,  məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, o cümlədən şərab məhsullarının xarici bazarlara çıxarılmasında "GSP+"proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat vermiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışlar.

 

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun “Sahibkarlıq və regional inkişaf problemləri” şöbəsinin müdiri Nurəddin Eynullayev “Ölkədə üzümçülüyün müasir vəziyyəti və inkişafi  istiqamətləri” mövzusunda təqdimatla çıxış etmişdir.

 

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Eldəniz Məmmədov Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan, sahibkarlara dövlət dəstəyi mexanizmlərindən geniş bəhs etmiş, ölkənin dinamik iqtisadi inkişafında sahibkarların yaxından iştirak etdiyini vurğulamışdır.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Azərbaycan Sahibkar Qadınlar Forumunun nümayəndələri  ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, regionun sahibkarları üçün potensial ixrac bazarlarına çıxış imkanları, qeyri-neft məhsullarının, o cümlədən şərab məhsullarının xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişlər.

 

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölməyə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

 

 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.



188.jpg
  • 16 Mart 2012
  • 1594