Noyabın
7-də İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi Tədqiqatlar üzrə
Daimi İşçi Qrupunun 2-ci iclası keçirilmişdir.
Tədbirdə
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin, bir sıra dövlət qurumlarının və
ali təhsil müəssisələrinin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri
iştirak etmişlər.
İclası
giriş sözü ilə açan İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanda
uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı
iqtisadi uğurlar barədə məlumat vermişdır. Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar,
o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə uğurla əməkdaşlıq etdiyini diqqətə
çatdıran cənab Niyazi Səfərov qurumun üzv ölkələrdə ticarət və investisiya
mühitinin inkişafı, iş adamları arasında əlaqələrin genişləndirilməsi və
sosial-iqtisadi tədqiqatların aparılnası sahəsində əhəmiyyətli rol oynadığını
qeyd etmişdir. İƏT üzvü olan ölkələrlə
ticarət dövriyyəsinin 2011-ci ildə əvvəlki ilə nisbətən 37,79% artdığını diqqətə
çatdıran nazir müavini Azərbaycan və İƏT arasında əlaqələrin daha da genişlənəcəyinə
əminliyini bildirmişdir.
İƏT-in
İqtisadi Tədqiqatlar, Statistika və Layihələr Departamentinin rəhbəri Bayan
Adilbekova ölkəmizin dinamik iqtisadi inkişafından və İqtisadi Tədqiqatlar üzrə
Daimi İşçi Qrupunun 2-ci iclasının Bakıda keçirilməsindən məmnunluğunu
bildirmiş, bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın daha da inkişafına
töhfə verəcəyini vurğulamışdır.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
direktoru Vilayət Vəliyev çıxışında İƏT-in İqtisadi Tədqiqatlar üzrə İşçi
Qrupunun sosial-iqtisadi sahədə apardığı araşdırmaların üzv ölkələr arasında
iqtisadi əməkdaşlığın inkişafında və birgə layihələrin həyata keçirilməsində əhəmiyyətini
qeyd etmişdir.
Tədbirdə
İƏT-ə üzv ölkələrin sosial-iqtisadi tədqiqatların aparılması sahəsindəki təcrübələri
dinlənilmiş, gündəlikdə olan digər məsələlər müzakirə olunmuşdur.
Növbəti
gün - noyabrın 8-də isə İƏT-in “İqtisadiyyat” Jurnalının Redaksiya Heyətinin
iclası keçiriləcəkdir.
Qeyd: İqtisadi
Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılmışdır. Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan, İran, Əfqanıstan, Özbəkistan, Pakistan, Tacikistan və
Türkmənistan İƏT üzvləridir.
© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.