11-14 dekabr tarixlərində Pakistanın İslamabad şəhərində
İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının (RPŞ) növbəti
28-ci iclası keçirilmişdir.
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərinin nümayəndələrinin,
habelə, müşahidəçilərin (Türkdilli Dövlətlərin Kipr Türkləri və Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurası) və İƏT-in ixtisaslaşmış təşkilatları və regional
institutlarının əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə ölkəmizi təmsil
edən nümayəndə heyətinin tərkibində İqtisadiyyat Nazirliyinin İqtisadi
İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru iqtisad elmləri doktoru,
professor Vilayət VƏLİYEV iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan İƏT Baş katibi
İbrahim Xəlil Akşa qonaqları salamlayaraq, tədbirə ev sahibliyinə görə Pakistan
Hökumətinə minnətdarlığını bildirmişdir.
Cənab Akça öz nitqində İƏT-in zəruri və səmərəli addımların
atılması ilə qarşıya qoyulan hədəflərə nail olunmasında 13-cü İƏT Sammitində qəbul
edilən “İƏT Vizionu 2025” strateji sənədin, habelə, bu çərçivədə proqram və
layihələrin, İƏT daxilində struktur islahatlarının həyata
keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
14 dekabr tarixinədək davam edən tədbirdə V.Vəliyev
Regional Planlaşdırma Şurasının “Layihələr, iqtisadi tədqiqatlar və statistika”
komitəsinin işində iştirak etməklə yanaşı, İƏT-in İnstitutla əməkdaşlığına dair
məsələlərə münasibət bildirmişdir.
Xatırladaq ki, mənzil qərargahı İran İslam Respublikasının Tehran şəhərində yerləşən və hal-hazırda 10 üzvü ilə 1985-ci ildə yaradılan bu dövlətlərarası təşkilat regionda ticarətin təşviqi və investisiya imkanlarının inkişaf etdirilməsi yollarının müzakirə edilməsi üçün platformadır.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.