Рейтинг@Mail.ru

“Yoxsulluğun azaldılması üçün islam mikromaliyyələşməsi” mövzusunda təlim keçirilir

  • 11 Dekabr 2015


Dekabrın 14-də Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Yoxsulluğun azaldılması üçün islam mikromaliyyələşməsi” mövzusunda regional təlim öz işinə başlamışdır.

 

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, İslam İnkişaf Bankının İslami Tədqiqatlar və Təlim İnstitutunun əməkdaşları, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər və sahibkarlar iştirak edirlər.

 

Regional təlimi giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev 2014-cü ildən etibarən İslam İnkişaf Bankı və İslami Tədqiqatlar və Təlim İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat vermiş, keçirilən digər tədbirlər kimi bu təlimin də İslami Tədqiqatlar və Təlim İnstitutu ilə  əlaqələrin inkişafında əhəmiyyətini qeyd etmişdir. Vilayət Vəliyev həmçinin, yoxsulluğun azaldılması istiqamətində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulamışdır. 

 

İslami Tədqiqatlar və Təlim İnstitutunun nümayəndəsi cənab Faysal Slama isə islami mikromaliyyələşmənin İslam İnkişaf Bankı və təmsil etdiyi İnstitutun prioritet tədqiqat mövzusu olduğunu bildirmiş, tədqiqat üzrə görülmüş işlər barədə iştirakçılara məlumat vermişdir.

 

Bakı Biznes Tədris Mərkəzinin əməkdaşı Məlahət Kazımova “Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyəti” mövzusunda təqdimatla çıxış edərək, 2013-2015-ci illərdə biznes inkubatorların yaradılmasına dair regionlarda, xüsusilə Quba-Xaçmaz iqtisadi rayonunda görülmüş işlərdən bəhs etmişdir.

 

Daha sonra “Yoxsulların ehtiyacı nədir?”, “Yoxsulluğun azaldılmasına islamı yanaşma” modulları üzrə məruzələr dinlənilmiş, praktiki vərdişlərin qazanılması üzrə tapşırıqların icrasına başlanılmışdır.

 

5 gün davam edəcək təlimdə  “İslami Mikromaliyyələşdirmə Sektorunun icmalı”, “Kommersiya üsulları və modellər”, “Donorların rolu: İslam İnkişaf Bankı İslami Mikromaliyyələşmə təşəbbüsləri” və s. modullar üzrə məruzələr dinləniləcək, təlimin yekunlarına dair qiymətləndirilmə aparılacaq, iştirakçılara sertifikatlar təqdim olunacaqdır.

 

Təlim dekabrın 18-də başa çatacaqdır.

 

 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


37.jpg
  • 11 Dekabr 2015
  • 1407