Рейтинг@Mail.ru

Qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi məqsədilə treninqlər keçirilir

  • 04 Mart 2019

4 mart 2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda İSO50001:2018 - Enerji idarəetmə sistemi standartlarının tətbiqinə dair növbəti treninqə start verilib. Treninq dövlət başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi məqsədilə həyata keçirilir.

5 gün davam edəcək  təlimin məruzəçiləri Türk Standartları İnstitutunun (TSE) Azərbaycan üzrə təmsilçisi Gülhan Yüzeroğlu və TSE-nin elektron mühəndisi Ömər Gündür.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türk Standartlar İnstitutunun ölkəmizdəki nümayəndəlikləri ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən təlimlərdə Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri, həmçinin Sənaye Parkında fəaliyyət göstərən rezidentlər və özəl sektor nümayəndələri iştirak edirlər.

Tədbirdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev keçirilən treninqin yanvar ayında keçirilmiş təlimin davamı olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, İSO50001:2018 - Enerji idarəetmə sistemi Beynəlxalq standartlar üzrə təlimin Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri, rezidentləri, eləcə də özəl sektor üçün keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinə digər xidmətlərlə yanaşı, kommunal xidmətlər, xüsusilə enerji təhcizatı üzrə yüksək beynəlxalq standartlar əsasında xidmət göstərilir. Bu baxımdan keçirilən treninq Sumqayıt Kimya Sənaye Parkının rezidentləri üçün faydalı olacaqdır.

TİKA-nın baş koordinatorunun yardımçısı Ersin Çopur və TSE-nin Azərbaycan üzrə təmsilçisi Gülhan Yüzeroğlu İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlığın, keçirilən təlimlərin əhəmiyyətini qeyd ediblər.

Treninq 8 mart 2019-cu il tarixinədək davam edəcək.

Qeyd edək ki, İSO9001:2015 Keyfiyyəti idarəetmə sistemi standartlarının tətbiqi istiqamətləri üzrə treninq 2019-cu ilin yanvarında keçirilib.


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 

 

425.jpg
  • 04 Mart 2019
  • 240