Рейтинг@Mail.ru

Naxçıvan Biznes Mərkəzində seminar keçirilib

  • 09 Aprel 2019

3-5 aprel 2019-cu il tarixlərində Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru i.e.d., professor Vilayət Vəliyev, İnstitutun İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin müdiri i.ü.f.d. Arzu Süleymanov və baş elmi işçisi i.ü.f.d. Malik Mehdiyev tərəfindən “Sahələrarası balans və ekonometrik modellər əsasında makroiqtisadi təsirlərin və investisiya layihələrinin səmərəliliyinin qiymətləndirməsi” mövzusunda seminar keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, nazirliyin nəzdində Elmi Tədqiqat-Tədris Mərkəzinin əməkdaşları, Naxçıvan Dövlət və Naxçıvan universitetlərinin bakalavr, magistr və doktorantları, müvafiq sahə üzrə mütəxəssislər iştirak ediblər.

Seminarda “Sahələrarası əlaqələrin təhlili və qiymətləndirilməsi: xərc buraxılış modelləri”, “Makroiqtisadi göstəricilər və məlumat bazaları: nominal göstəricilər”, “İndekslər və real göstəricilər”, “İnvestisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi: biznes planların tərtibi, investisiyanın səmərəlilik göstəriciləri və risklərin müəyyən edilməsi” kimi mövzularda təqdimatlar və praktiki məşğələlər keçirilib.

Tədbirdə aparılan müzakirələrdə analitik təhlil imkanlarının artırılması üçün müasir informasiya resursları və proqram təminatlarının tətbiqinin genişləndirilməsinə imkan verən bu cür seminarların mütəmadi keçirilməsinin zərurilyi vurğulanıb.

Eyni zamanda, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Regionların davamlı inkişafı şöbəsinin böyük elmi işçisi Gövhər Vəliyeva bakalavr və magistrlər, eləcə də peşəkar müəllim heyəti üçün Naxçıvan Dövlət Universitetində “Dayanıqlı İnkişaf Məqsədləri və Qlobal İqlim dəyişikliyinin təsirləri” mövzusunda təqtimatla çıxış edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub. 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

429.jpg
  • 09 Aprel 2019
  • 296