Рейтинг@Mail.ru

Sənayenin inkişafına dair Türkiyə təcrübəsi mövzusunda seminar keçirilib

  • 10 İyun 2019

07 iyun 2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “Elmi-texnoloji inkişaf və sənaye: strateji planlaşdırma və investisiyalar” mövzusunda və Qənaətli istehsal üsulu “5S” üzrə seminar keçirilib. Seminarda İnstitutun əməkdaşları və doktorantlarla yanaşı, İqtisadiyyat Nazirliyinin və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru Vilayət Vəliyev məruzəçini - Türkiyə Respublikası Strategiya və Büdcə Təşkilatının baş məsləhətçisi, 2010-2013-cü illərdə Türkiyənin ölkəmizdəki səfirliyində planlaşdırma və inkişaf məsələəri üzrə məsləhətçi kimi fəaliyyət göstərmiş Fərrux Tığlını dinləyicilərə təqdim edib.

F.Tığlı Türkiyədə respublika qurulmasından müasir dövrədək sənayenin inkişafına dair siyasət və tətbiq edilmiş inkişaf planları, yol xəritələri, dövlət dəstək siyasətləri, büdcə planlaması, planların icrası və digər məsələlərə dair məruzə ilə çıxış edib. Uzun dövrü əhatə edən bu inkişaf siyasəti və planlarının 60-cı, 80-ci illər və bu günədək  dövrlərini şərh edən məruzəçi həmin dövrlərdə həyata keçirilən siyasət və planların əsas xüsusiyyətlərini diqqətə çatdırıb. Həmçinin, seminarda qənaətli istehsal üsullarına dair müzakirə aparılıb.

Sənaye yönümlü sahibkarlığın, eləcə də, sərbəst bazar münasibətlərinin inkişafında dövlətin dəstək və təşviq mexanizmləri, büdcə vəsaitlərinin səmərəli istifadəsi, planların icrasındakı yüksək məsuliyyətlilik kimi bir sıra məqamların bu istiqamətdə işlərə töhfəsi qeyd edilib. Qənaətli istehsal üsulu “5S” üzrə növbəti müzakirə-seminarın iyul ayında keçirilməsi planlaşdırılıb.

Sonda məruzəçi dinləyicilərin suallarını cavablandırıb.


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 

437.jpg
  • 10 İyun 2019
  • 331