Рейтинг@Mail.ru

“Standartların tətbiqi: Azərbaycan-Türkiyə Əməkdaşlığı” mövzusunda Beynəlxalq Konfrans keçirilib

  • 10 Oktyabr 2019

Oktyabrın 10-da Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, "Sumqayıt Kimya Sənaye Parkı” MMC və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Standartların tətbiqi: Azərbaycan-Türkiyə Əməkdaşlığı” mövzusunda Beynəlxalq Konfrans keçirilib.

Konfransda Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, hər iki ölkənin iş adamları iştirak edib.

Konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və innovasiyalar əsasında inkişafı ilə bağlı ardıcıl və sistemli islahatların həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı təşviq mexanizmləri tətbiq edilib.

Niyazi Səfərov Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasəti, bu sahədə yeni mexanizmlər olan sənaye parkları və məhəllələri barədə məlumat verib. Bildirilib ki, sənaye zonalarında 82 rezident qeydə alınıb, 45 istehsalat müəssisəsi artıq fəaliyyət göstərir. Sənaye zonalarına indiyədək 3,4 mlrd ABŞ dollarınadək investisiya yatırılıb, 11 min iş yeri yaradılıb.

Bundan başqa, indiyədək 346 sahibkarlıq subyektinə 407 investisiya təşviqi sənədi verilib və investisiya dəyəri 2,5 mlrd. manatdan çox olan 245 müəssisə artıq fəaliyyət göstərir.

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı barədə danışan Niyazi Səfərov diqqətə çatdırıb ki, Türkiyə ilə müxtəlif istiqamətlərdə, o cümlədən standartlaşdırma sahəsində uğurla əməkdaşlıq edilir. Bu sahədə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rolunu qeyd edən nazir müavini 2019-cu ilin əvvəlindən indiyədək 32 layihənin icra olunduğunu, 13 layihə üzrə işlərin davam etdirildiyini vurğulayıb.

Tədbirdə milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, texniki tənzimləmə və standartlaşdırma sahəsində aparılan islahatların məhsul və xidmətlərin keyfiyyətnin yüksəldilməsinə, xarici bazarlara daha rahat ixrac edilməsinə xidmət etdiyi vurğulanıb.

Türkiyənin Elm, Sənaye və Texnologiya nazirinin müavini Hasan Büyükdede       Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki ölkədə yaradılmış əlverişli mühiti qeyd edib. Hasan Büyükdede beynəlxalq standartlara uyğunlaşma prosesinin sənayenin inkişafına təsirləri, sənaye müəssisələrinin fəaliyyətinin beynəlxalq standartlara əsaslanmaqla təşkili sahəsində əməkdaşlığa dair fikirlərini bölüşüb.

Türk Standartları İnstitutu İdarə heyətinin rəhbəri Adem Şahin Türkiyədə milli standart və prosedurların müasir beynəlxalq təcrübəyə uyğunluğunlaşdırılması istiqamətində institutun gördüyü işlər barədə məlumat verib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin proqram koordinatoru Teoman Tiryaki Agentliyin dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələrdən danışıb.

Sonra Türk Standartlar İnstitutunun direktoru Feyzullah Erdoğanın "Milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması və bunun sənayenin inkişafına təsirləri" mövzusunda təqdimatı dinlənilib.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov ölkədə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, investorlar üçün tətbiq edilən güzəştli rejim haqqında məlumat verib. Nazim Talıbov Sumqayıt Kimya Sənaye Parkının TİKA və Türk Standartları İnstitutu ilə birgə əməkdaşlıqğı çərçivəsində keyfiyyətli idarəetmə və enerjinin idarə olunması sisteminin tətbiqi və beynəlxalq standartlarla bağlı sənədlərin tərtibinə dair keçirilən təlimləri diqqətə çatdırıb, təlimlərdə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşlarının, sənaye parklarının rezidentlərinin iştirak etdiyini, təlim iştirakçılarına müvafiq sertifikatların təqdim olunacağını qeyd edib.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor vəzifəsini icra edən Arzu Hüseynova keyfiyyətin idarə olunması və enerji səmərəliliyi sahələrində beynəlxalq standartların tətbiqi istiqamətində TİKA və Türk Standartlar İnstitutu ilə əməkdaşlıq edildiyini vurğulayıb, bu sahədə görülən işlərdən danışıb.

Tədbirdə Azərbaycanda sənaye parkları və  Türk Standartlar İnstitutunun fəaliyyətinə dair videoçarxlar nümayiş olunub.

Konfransda Türk Standartları İnstitutu, “Sumqayıt Kimya Sənaye Parkı” MMC və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında üçtərəfli əməkdaşlığa dair Protokol imzalanıb.

 Sonda İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda  İSO 9001:2015 və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də İSO 9001:2015 və İSO 50001:2018 standartlarının tətbiqi istiqamətində Türkiyə Standartları İnstitutu tərəfindən keçirilmiş təlimləri uğurla başa vurmuş iştirakçılara sertifikatlar verilib. 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 

448.jpg
  • 10 Oktyabr 2019
  • 245