Рейтинг@Mail.ru

"Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda təlim keçirilir

  • 20 Sentyabr 2014


Sentyabrın 22-də İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda İslam İnkişaf Bankının, İslam Tədqiqatları və Təlim İnstitutunun və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda təlim öz işinə başlamışdır.

 

5 gün davam edəcək təlimdə yerli özəl və dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər iştirak edirlər. Təlimdə sahibkarlığın inkişafı istiqamətində son illərdə ölkəmizdə aparılan siyasət, sahibkarlığın maliyyələşmə mexanizmləri haqqında iştirakçılara məlumat veriləcək, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən məruzələr oxunacaq, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislərin bu sahədə təqdimatları keçiriləcək.

 

Tədbiri giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətləri, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf konsepsiyasında qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. 2014-cü ilin "Sənaye ili" çərçivəsində görülən işlərdən danışan Vilayət Vəliyev bu sahədə innovativ sahibkarlığın rolunu, bu cür tədbirlərin əhəmiyyətini qeyd etmişdir.

 

İslam İnkişaf Bankının nümayəndəsi Osman Əhməd çıxış edərək kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasının, qabaqcıl təcrübənin tətbiqinin önəmli olduğunu vurğulamışdır.

 

Təlim iştirakçılarının Azərbaycanın regionlarında sahibkarlığın inkişafı istiqamətləri ilə tanışlığı məqsədilə Xaçmaz rayonuna səfəri nəzərdə tutulur.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 

61.jpg
  • 20 Sentyabr 2014
  • 1044