Рейтинг@Mail.ru

Xaçmazda "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda təlim keçirilmişdir

  • 26 Sentyabr 2014


Sentyabrın 26-da Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, İslam İnkişaf Bankının, İslam Tədqiqatları və Təlim İnstitutunun birgə təşkilatçılığı ilə "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda təlimin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

 

Tədbirdə dövlət qurumları və sahibkarlarla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər iştirak etmişdir.

 

Tədbiri giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətləri, dövlət proqramlarında gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsinə, fəaliyyətə yeni başlayan sahibkarlıq subyektlərinə dövlət dəstəyinin artırılmasına dair qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına məlumat vermişdir.

 

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov çıxışında qeyd etmişdir ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Xaçmazda gənclər üçün biznes inkubatorun yaradılması bu qəbildən olan tədbirlərdəndir. Biznes inkubator gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə, onların innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verəcəkdir. Bildirilmişdir ki, burada gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar veriləcək, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstəriləcəkdir. Biznes inkubatorların ölkənin digər iqtisadi rayonlarında da yaradılacağı qeyd edilmişdir.

 

İslam İnkişaf Bankının nümayəndəsi Osman Əhməd çıxışında kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində qabaqcıl təcrübənin tətbiqinin önəmli olduğunu vurğulamış, təcrübə mübadiləsi baxımından keçirilmiş təlimin əhəmiyyətini qeyd etmişdir.

 

Tədbir çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən məruzələr oxunmuş, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislərin bu sahədə təqdimatları keçirilmişdir. Sonda təlim iştirakçılarına sertifikatlar verilmişdir.

 

Tədbir iştirakçıları daha sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorun fəaliyyəti üçün ayrılmış otaqlarla, burada iştirakçılar üçün yaradılmış şəraitlə, həmçinin Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olmuşlar.

 

 


© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


62.jpg
  • 26 Sentyabr 2014
  • 1133