Рейтинг@Mail.ru

Sənaye ilinə dair ilk elmi əsər

  • 23 Ferval 2014


Azərbaycan XX əsrin ikinci yarısından başlayaraq kənd təsərrüfatı ölkəsindən aqrar-sənaye dövlətinə çevrildi və XXI əsrdə neft bumunun təsiri altında yeni sənayeləşmə mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan yeni sənayeləşmə prosesi öz bəhrəsini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ili "sənaye ili" elan etməsi sənayenin resurslara deyil, səmərəliliyə əsaslanan inkişaf xəttinin seçilməsinin göstəricisidir.

 

Azərbaycan iqtisadiyyattının modernizasiyası sənayeləşmə və elektronlaşmanın üzərində dayanıb. İqtisadi modernizasiya düşüncə və davranış tərzi, institusional mühit və texnoloji səviyyənin təkmilləşmə prosesidir. Son 300 il ərzində iqtisadi modernizasiya daim sənaye inqilabları ilə sıx dialektik vəhdətdə olmuşdur.

 

Müasir siyasi, elmi və gündəlik həyatda "modernizasiya" anlayışından çox geniş istifadə edilir. "Modernizasiya" hərfi mənada müasir tələblərə cavab verən dəyişiklik, təkmilləşdirilmə deməkdir. İqtisadi modernizasiya ilk növbədə, mütərəqqi dünya təcrübəsinə əsaslanaraq ölkədə iqtisadi və texnoloji geriliyin aradan qaldırılması istiqamətində tədbirləri özündə əks etdirir. Ədəbiyyatlarda, kütləvi informasiya vasitələrində modernizasiyanın siyasi, sosial, dini, iqtisadi, texnoloji, inzibati və digər növlərini ayırırlar. Modernizasiyanın əsas ümumi məqsədi isə müasir cəmiyyətin qurulmasıdır.

 

İqtisadi modernləşdirmə əmək bölgüsünün dərinləşməsi, istehsalın maddi-texniki bazasının müasirləşdirilməsi, elmi-texniki tərəqqinin məhsuldar qüvvəyə çevrilməsi və istehsalın idarəetmə sisteminin səmərəliliyinin yüksəldilməsi sayəsində təkrar istehsal prosesinin intensivləşdirilməsini nəzərdə tutur.

 

İqtisadiyyatın modernizasiyası, onun məqsəd və vəzifələrinin səmərəli həyata keçirilməsi üçün ölkədə dövlət başçısının 2012-ci il 29 dekabr tarixli fərmanı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq edilmişdir. Konsepsiyada ixracyönümlü iqtisadi model əsas götürülmüş, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neftixracının artımı və s. nəzərdə tutulmuşdur.

 

Prezident İlham Əliyev sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi imkanlarının formalaşdırılmasını prioritet olaraq müəyyənləşdirmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsal Qasımlı tərəfindən hazırlanmış "İqtisadi modernizasiya" kitabı modernizasiya prosesinə dair yuxarıda qeyd etdiyimiz cəhətləri özündə əks etdirir. Bu kitabda, Azərbaycanda iqtisadi konyuktura, ölkə iqtisadiyyatının beynəlxalq müstəvidə rolu, ölkənin gələcək inkişaf perspektivləri, yeni sənaye inqilabı məsələləri, modernləşdirmənin nəzəri-metodoloji əsasları, xüsusilə də, aqrar sahənin modernləşdirilməsi nəzəriyyələrinin təkamülü, Azərbaycanda aqrar sahənin modernləşdirilməsi xüsusiyyətləri öyrənilmiş, istehsalın modernləşdirilməsində əmək qüvvəsinin və aqrar sahədə modernləşdirmənin davamlı iqtisadi inkişafda rolu, bu sahədə modernləşdirmə siyasətinin təkmilləşdirilməsi tədqiq olunmuşdur. "İqtisadi modernizasiya" kitabı sənaye ilində bu sahədə ilk fundamental tədqiqat işi oldu.

 

Məqalənin tam mətni ilə tanış olmaq üçün keçid:

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=34905

 

 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


63.jpg
  • 23 Ferval 2014
  • 1649