Рейтинг@Mail.ru

“Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı kitabın təqdimat mərasimi keçirilmişdir

  • 07 Aprel 2014


Aprelin 7-də İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun və Türk Koordinasiya və Əməkdaşlıq Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğunun birgə təşkilatçılığı ilə şagirdlər üçün “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı kitabın təqdimat mərasimi keçirilmişdir.


Avropa Azərbaycan Məktəbində keçirilən tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, TİKA Bakı Proqram Koordinatorluğunun əməkdaşları ilə yanaşı, müəllimlər, şagirdlər və valideynlər iştirak etmişlər.   


Təqdimat mərasimini Avropa Azərbaycan Məktəbinin İnsan Resursları və İctimaiyyətlə Əlaqələr üzrə direktor müavini Amalya Sezgin açmış, daha sonra İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda həyata keçirilən pilot layihə barədə iştirakçılara məlumat vermişdir. Bildirilmişdir ki, layihə çərçivəsində ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində Türkiyə təcrübəsi öyrənilmiş və maarifləndirmə işinin təşkili və gücləndirilməsi məqsədilə orta ümumitəhsil müəssisələri üçün “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı yardımçı dərs vəsaiti hazırlanmış, kitabın orta məktəblərdə istifadə edilməsi tövsiyə edilmişdir. V.Vəliyev həmçinin, bu layihənin İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən də yüksək qiymətləndirildiyini qeyd etmişdir.  


TİKA Bakı Proqram Koordinatoru Mustafa Haşimi Polat bu dərs vəsaitinin ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsində, şagirdlərin bu sahədə maarifləndirilməsində əhəmiyyətini vurğulamışdır.


Kitabın həmmüəllifi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Aral Davudov tədbir iştirakçılarına layihənin icrası, türkiyəli və yerli mütəxəssislərdən ibarət işçi qrupunun fəaliyyəti, keçirilmiş tədbirlər və görülmüş işlər barədə ətraflı məlumatlandırmışdır.


Təqdimatda “Göyərçin” jurnalının Baş redaktoru və “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı dərs vəsaitinin redaktoru professor Rafiq Əliyev, Avropa Azərbaycan Məktəbinin müəllimi Püstəxanım Səfərova, valideynlərdən Mətanət Rəsulova öz çıxışlarında kitabın şagirdlər üçün faydalı olacağını vurğulamışlar.


Sonda müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


65.jpg
  • 07 Aprel 2014
  • 1117