Рейтинг@Mail.ru

İƏT-in “İqtisadiyyat” Jurnalının Redaksiya Heyətinin 2-ci iclası keçirilmişdir

  • 26 Aprel 2014


Aprelin 26-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT), İƏT-in Bakıdakı Tədqiqat Mərkəzinin və İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “İqtisadiyyat” jurnalının Redaksiya Heyətinin 2-ci iclası keçirilmişdir.

 

İclasda Türkiyə, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, İran və Pakistandan olan nümayəndələrlə yanaşı, İslam İnkişaf Bankının Bakı nümayəndəliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları və doktorantları iştirak etmişlər.

 

Tədbiri giriş sözü ilə açan İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycan iqtisadiyyatı barədə məlumat vermiş, ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın dünyada nüfuzunun artdığını və etibarlı tərəfdaş kimi tanındığını diqqətə çatdırmışdır. Sevinc Həsənova Azərbaycan və İƏT-ə üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini, səmərəli əməkdaşlıq çərçivəsində ticarət dövriyyəsinin davamlı olaraq artdığını vurğulamışdır. Bildirilmişdir ki, jurnalın Redaksiya Heyətinin hər iki iclasının Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir və jurnal ölkəmizin İƏT-ə üzv ölkələrlə əməkdaşlığının gücləndirilməsinə, həmçinin regionun iqtisadi inkişaf məsələlərinin elmi tədqiqinə böyük töhfə verəcəkdir.

 

İqtisadi Əməkdaşlıq Təşkilatının Layihələr, İqtisadi Tədqiqatlar və Statistika Departamentini rəhbəri Bayan Adilbekova jurnalın fəaliyyəti, onun tanıdılması istiqamətində görülən işlər, İƏT-ə üzv ölkələrlə həyata keçirilən əməkdaşlıq barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

 

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, İƏT-in “İqtisadiyyat” jurnalının baş redaktoru Vilayət Vəliyev son iki ildə jurnalın fəaliyyəti, jurnalın dövrlüyünün təmin olunması və reytinqinin artırılması istiqamətində görülən tədbirlər haqqında iştirakçıları məlumatlandırmışdır.

 

Tədbirdə həmçinin, “EcoMod Network” Şirkətinin prezidenti Əli Bayar, AMEA-nın həqiqi üzvü Fikrət Əliyev, AMEA-nın müxbir üzvü İsa Alıyev və Redaksiya Heyətinin üzvləri çıxış edərək “İqtisadiyyat” jurnalının İƏT-ə üzv ölkələr arasında əlaqələrin daha da genişləndirilməsində əhəmiyyətini qeyd etmişlər.

 

İclasda həmçinin, jurnalın yaxın illərdə fəaliyyətinin daha da gücləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


69.png
  • 26 Aprel 2014
  • 1509