Рейтинг@Mail.ru

Biləsuvarda qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir

  • 01 May 2014


Mayın 1-də Biləsuvar rayonunda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fevralın 5-də "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda verilən tapşırıqlar və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbulu ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş Konfrans keçirilmişdir.

 

Konfransda İqtisadiyyat və Sənaye Nazirliyinin, Aran və Lənkəran iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak etmişdir.

 

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxışında dövlət başçısının regionların inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulamış, regionların sürətli inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisələrin yaradılmasına səbəb olmuşdur. Qeyd edilmişdir ki, əvvəlki dövlət proqramlarının məntiqi davamı olan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Sahib Məmmədov bu ilin fevralın 5-də Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans"da ölkə başçısı tərəfindən verilmiş tapşırıqların yeni regional Dövlət Proqramının hazırlanması və icrasında xüsusi rolunu vurğulamışdır. Hazırda Dövlət Proqramında müəyyənləşdirilmiş vəzifələr uğurla icra olunur. 2014-cü ilin birinci rübü ərzində də ölkə iqtisadiyyatında inkişaf dinamikasının yüksələn xətlə davam etdiyini bildirən Sahib Məmmədov bu dövrdə 29 min yeni iş yerinin və 3 minə yaxın yeni müəssisənin yaradıldığını vurğulamışdır.

 

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev regionların inkişafı ilə bağlı dövlət proqramlarına uyğun olaraq, görülmüş işlər nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Biləsuvar rayonunda da infrastruktur təminatının yaxşılaşdığını, yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir. İcra başçısı çıxışında "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Biləsuvar rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi üçün qarşıda duran vəzifələrdən danışmışdır.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsinin icraçısı Elşən Əsədov regionların tarazlı inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Aran və Lənkəran iqtisadi rayonları üzrə nəzərdə tutulmuş tədbirlər barədə ətraflı məlumat vermişdir. Nazirliyin Sənaye şöbəsinin müdir müavini Ayaz Qədirov çıxışında 2014-cü ilin "Sənaye ili" elan olunması ilə əlaqədar dövlət başçısının sərəncamı ilə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər barədə məlumat vermiş, Tədbirlər Planına uyğun işlərin davam etdirildiyini vurğulamışdır.

 

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev rayonlarda ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin ölkə regionlarında tətbiqi imkanları, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində rayonlarda keçirilən tədbirlərin və biznes inkubatorların yaradılmasının əhəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondunun sektor müdiri Nazim Qarayev sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev regionlarda həyata keçirilən investisiya layihələrində şirkətin iştirak imkanları barədə məlumat vermişlər.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 


71.jpg
  • 01 May 2014
  • 1323