Рейтинг@Mail.ru

Xaçmazda tədbir keçirilmişdir

  • 06 May 2014

Mayın 6-da Xaçmazda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fevralın 5-də "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda verilən tapşırıqlar və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan irəli gələn vəzifələrə həsr olunmuş Konfrans keçirilmişdir.

Konfransda İqtisadiyyat və Sənaye Nazirliyinin, Quba-Xaçmaz və Abşeron iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak etmişdir.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov dövlət başçısının regionların inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulamış, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuşdur. Əvvəlki dövlət proqramlarının məntiqi davamı olan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Sahib Məmmədov bu ilin fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans"da ölkə başçısı tərəfindən verilmiş tapşırıqların yeni regional Dövlət Proqramının hazırlanması və icrasında xüsusi rolunu vurğulamışdır. Hazırda Dövlət Proqramında müəyyənləşdirilmiş vəzifələr uğurla icra olunur.

Tədbirin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirildiyini qeyd edən Sahib Məmmədov ötən ilin iyulundan fəaliyyət göstərən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin regionun sosial-iqtisadi inkişafına mühüm töhfə olduğunu diqqətə çatdırmış, mərkəzdə sahibkarlıq fəaliyyətinə başlayan və biznesini təkmilləşdirmək istəyən kiçik və orta sahibkarlar üçün davamlı maarifləndirmə işlərinin təşkil olunduğunu, konsaltinq və informasiya xidmətlərinin göstərildiyini bildirmişdir. Qeyd edilmişdir ki, innovativ və perspektivli biznes sahələrinin inkişafının dəstəklənməsi məqsədilə mərkəzdə yaradılmış biznes inkubatorda gənclərin ilkin biznes vərdişlərinə yiyələnməsi üçün hər cür şərait yaradılmışdır.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Haqverdiyev regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Xaçmazda da infrastruktur təminatının yaxşılaşdığını, sahibkarlıq fəaliyyətinin genişləndirildiyini, rayonda özəl bölmənin dinamik inkişaf etdiyini, dövlət dəstəyi ilə yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını bildirmişdir. İcra başçısı çıxışında "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Xaçmaz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi üçün qarşıda duran vəzifələrdən danışmışdır. 

İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsinin icraçısı Elşən Əsədov regionların tarazlı inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə nəzərdə tutulmuş tədbirlər barədə ətraflı məlumat vermişdir.
Nazirliyin Sənaye şöbəsinin müdir müavini Ayaz Qədirov çıxışında 2014-cü ilin "Sənaye ili" elan olunması ilə əlaqədar ölkə başçısının sərəncamı ilə Tədbirlər Planının təsdiq olunduğunu və Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrasının davam etdirildiyini, bu istiqamətdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq işlərin həyata keçirildiyini vurğulamışdır.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində bölgələrdə keçirilən tədbirlər barədə məlumat vermiş, biznes inkubatorların əhəmiyyətindən bəhs etmişdir. Akif Fərruxov Quba-Xaçmaz iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilmiş biznes inkubator üçün iştirakçıların seçilməsi məqsədilə 30 aprel 2014-cü il tarixindən müsabiqə elan edildiyini qeyd etmiş, müsabiqə şərtləri barədə məlumat vermişdir.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev rayonlarda ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin ölkə regionlarına tətbiqi, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev regionlarda həyata keçirilən investisiya layihələrində şirkətin iştirak imkanları barədə məlumat vermişlər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.


72.jpg
  • 06 May 2014
  • 1212