20
Yanvar – Ümummilli hüzn günü ilə əlaqədar Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin, İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutu və İstehlak Mallarının Ekspertizası Mərkəzinin əməkdaşlarının
iştirakı ilə şəhidlərin xatirəsinin anım mərasimi keçirilmişdir.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilmişdir.
Mərasimdə çıxış edənlər
Sovet imperiyasının 1990-cı ilin
yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklərin və Azərbaycan xalqına qarşı həyata keçirilən qətllərin
insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara
səhifə olaraq qalacağını vurğulamışlar. Bildirilmişdir ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki
nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etiraz etmiş, Sovet
imperiyası tərəfindən törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə
çatdırmışdır. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı
ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi
qiymət verilmişdir.
Bu gün
ölkə rəhbərliyi tərəfindən Azərbaycan
Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda həlak
olanların, şəhid ailələrinin, qaçqınların, məcburi
köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin, veteranların sosial təminatının
yaxşılaşdırılması istiqamətində çoxsaylı qərarlar qəbul edilir, hər il dövlət səviyyəsində
geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, onlara dövlət qayğısı göstərilir
və xatirələri dərin ehtiramla yad edilir.
Tədbirdə dövlət
tərəfindən şəhid ailələrinə və əlillərinə göstərilən qayğı və
diqqət yüksək qiymətləndirilmiş, azadlıq mübarizəmizin şanlı səhifəsi kimi xalqımızın
yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacağı,
Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsinin
daim
qəlbimizdə yaşayacağı vurğulanmışdır.
© İstifadə zamani www.ier.az saytina istinad zəruridir.