Рейтинг@Mail.ru

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu keçirilir

  • 01 Oktyabr 2014

    İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun yaranmasının 50 illiyi tamam olur. İnstitut Azərbaycanda iqtisadi inkişafın elmi əsaslarını praktiki olaraq işləyən ilk tədqiqat müəssisəsidir. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə digər sahələrdə olduğu kimi, iqtisadiyyatın inkişafında da yeni dövrün əsası qoyuldu. Bütün bunlar isə institutun fəaliyyətində canlanma yaratdı, elmi-tədqiqat işlərinin sayı artmağa, səmərəliliyi yüksəlməyə başladı. 1977-ci ildə institutun yeni binası istifadəyə verildi, maddi-texniki bazası və kadr potensialı möhkəmləndirildi. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə ölkə rəhbərliyinə yenidən qayıdışı bütün sahələrdə olduğu kimi, elmi-tədqiqat işlərinin təşkili və idarə olunmasında, o cümlədən institutun fəaliyyətində ciddi dəyişikliklərə səbəb oldu. İnstitut keçid şəraitində ölkənin iqtisadi inkişaf siyasətinin elmi əsaslar üzərində qurulmasını təmin edən elmi-tədqiqat müəssisəsi kimi İqtisadi İslahatlar Mərkəzi adı ilə yenidən formalaşdırıldı. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə-davamlı inkişaf mərhələsinə qədəm qoymasını təmin etmişdir. Təbii ki, yeni inkişaf mərhələsi iqtisadi siyasətin elmi əsaslarının işlənməsi sahəsində yeni tələblər qarşıya qoyur.

    Bunu nəzərə alaraq, ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması istiqamətində elmi əsasların işlənilməsinin gücləndirilməsi məqsədi ilə 2006-cı ildə Azərbaycan Elmi-Tədqiqat, Elmi-Texniki İnformasiya və Texniki Tədqiqatlar İnstitutu və İqtisadi İslahatlar Mərkəzinin bazasında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu yaradıldı.

    İnstitutda aparılan elmi tədqiqatlar Azərbaycanda iqtisad elminə, eləcə də ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr vermiş, yüzlərlə alim və dövlət xadimi müxtəlif vaxtlarda bu elmi-tədqiqat müəssisəsində çalışmışdır. Bu ilin oktyabrın 2-də institutun 50 illiyi tamam olur.
 
    Oktyabrın 1-də keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 2-ci Beynəlxalq Konfrans da İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun 50 illik yubileyinə həsr olunmuşdur. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT), "EcoMod Network" şirkətinin və "ECO" Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forum-Konfransda İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, 21 ölkədən nümayəndə tədbirə qatılmış, 26 ölkədən 200-ə yaxın məqalə təqdim edilmişdir.
 
    Tədbirdə iştirak etmək məqsədilə Bakıda səfərdə olan İƏT-ə üz ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər ƏLİYEVİN məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşlar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım ƏLİYEVANIN məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzmüşlər. İƏT-ə üz ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmişlər.
 
    Forum-Konfransda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin MUSTAFAYEV İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Forumunun institutun 50 illik yubileyinə həsr edildiyini vurğulamış, bu elmi-tədqiqat müəssisəsinin Azərbaycan iqtisadiyyatının elmi əsaslarının işlənməsindəki uğurlu fəaliyyətindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Heydər ƏLİYEVİN siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidentinin elmin inkişafına göstərdiyi diqqət İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə öz müsbət təsirini göstərmişdir. Bu gün də institut Azərbaycanda həyata keçirilən davamlı sosial-iqtisadi siyasətə uyğun analitik elmi-tədqiqat işləri aparır, gələcək iqtisadi inkişaf istiqamətlərinin elmi əsaslarının hazırlanmasında fəal iştirak edir. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu İƏT-in İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun yaranmasının, Beyin Mərkəzləri Forumunun təsis olunmasının, İƏT-in "İqtisadiyyat" jurnalının redaksiya heyətinin formalaşmasının əsas təşəbbüskarlarındandır.
    
    Şahin MUSTAFAYEV qeyd etmişdir ki, Azərbaycan İƏT-lə əməkdaşlığa önəm verir və təşkilatın üzv ölkələrdə uğurlu fəaliyyətində maraqlıdır. İqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət əlaqələrinin artırılması üçün Azərbaycan İƏT-ə üzv ölkələrlə 10-dan çox müxtəlif sənəd imzalamışdır. Bu isə Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal iştirakına şərait yaratmışdır. Azərbaycan İƏT çərçivəsində təkcə iqtisadi sahədə deyil, həmçinin sosial, elmi, mədəni və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Bu baxımdan iqtisadi beyin mərkəzləri arasında əməkdaşlığın inkişafı, bu məqsədlə forum və konfransların keçirilməsi əhəmiyyətlidir.
 
    İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Şamil ƏLƏSGƏROV təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı məqsədilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulamışdır.
 
    Prezident Administrasiyasının iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail RƏHİMOV, Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər ƏMİRASLANOV, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif ƏLİZADƏ, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad SƏMƏDZADƏ, "EcoMod Networking" şirkətinin prezidenti Əli BAYAR, İslam Dövlətləri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş Katibi Savaş ALPAY çıxışlarında İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlərdən və əldə edilmiş nəticələrdən, iqtisadi beyin mərkəzlərinin əməkdaşlığı sahəsində gələcək fəaliyyətin iqtisadi siyasətdə və regional inteqrasiyada əhəmiyyətindən bəhs etmiş, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda aparılan tədqiqat işlərini müsbət qiymətləndirmişlər.
 
    Konfrans enerji və ətraf mühit, investisiya və sosial mövzularında sessiyalarla davam etmişdir. Sessiyalarda İƏT-ə üzv ölkələrin, həmçinin tədbirdə iştirak edən digər ölkələrin ekspertlərinin məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.
 
    3 gün davam edəcək Konfrans çərçivəsində sosial-iqtisadi inkişaf, sənaye, innovasiyalar, kənd təsərrüfatı, regional inteqrasiya, enerji, ticarət, investisiya mövzularında sessiyalar, sənaye, modelləşdirmə, tədqiqatlar və inkişafa dair dəyirmi masalar keçiriləcəkdir.
 
 
    © İstifadə zamani www.ier.az saytına istinad zəruridir.

91.png
  • 01 Oktyabr 2014
  • 1397