Ekoloji təmiz kənd təsərrüfatının inkişaf
perspektivlərinin öyrənilməsi üçün İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu
(İİETİ) tərəfindən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi
ilə tədqiqat aparılmış və bu sahədə Türkiyə təcrübəsi öyrənilmişdir. Nəticədə
İnstitut tərəfindən 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) layihə
təklifi təqdim edilmişdir.
Bu günlərdə nəticələr açıqlanmış və İİETİ-nin layihəsi
qaliblər sırasına daxil edilmişdir. Layihə azərbaycanlı ekspertlərin rəhbərliyi,
Türkiyə, Qırğızıstan, İran və Pakistan ekspertlərinin iştirakı ilə icra
ediləcəkdir. Hazırda layihə üzrə işlərin başlanılması məqsədilə müvafiq
sənədlər hazırlanır.
Layihənin məqsədi İƏT-ə üzv ölkələrdə ekoloji təmiz kənd təsərrüfatı sahəsi üzrə potensialın müəyyən olunması, ekoloji təmiz məhsul bazarında İƏT-ə üzv ölkələrin paya sahib olmaları üçün bu ölkələrin yerli xüsusiyyətləri nəzərə alınmaqla konsepsiyanın və strategiyanın hazırlanması, həmçinin bu istiqamətlərdə qurumlararası əməkdaşlığın inkişaf etdirilməsidir.
Layihə çərçivəsində ekoloji təmiz kənd
təsərrüfatı sahəsi üzrə İƏT-ə üzv ölkələr arasında əməkdaşlığın inkişaf
etdirilməsi, üzv ölkələrdə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının
“eko” və ya “organik” markasına keçərək dünya bazarına çıxarılması imkanlarının
müəyyənləşdirilməsi və yerli xüsusiyyətləri nəzərə alınmaqla konseptual
sənədlərin hazırlanması nəzərdə tutulur.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.